Bu vergi ödəyiciləri elektron qaimə-faktura ilə fəaliyyət göstərməlidirlər

Azərbaycan Respublikasının Vergilər Naziri,Fazil Məmmədov vergi sistemindəki yeniliklər barədə açıqlama verib.

Vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatların uçotunun şəffaflaşdırılması ilə bağlı qanunvericilikdə dəyişikliklər edildiyini qeyd edib.

Bildirilib ki, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il aprelin 1-dən, bütün digər vergiödəyiciləri isə 2018-ci il yanvarın 1-dən malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim etməlidirlər.

Bu dəyişiklik sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşməsi prosedurunun sadələşməsinə, operativliyin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına, sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə fikir ayrılıqlarının qarşısının alınmasına və şəffaflığın təmininə xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır