Büdcə gəlirlərinin təsnifatı dəyişdirilib – YENİLİKLƏR

“Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 aprel 2016-cı il tarixli 151 nömrəli, 3 may 2016-cı il tarixli 181 nömrəli və 1 sentyabr 2016-cı il tarixli 333 nömrəli qərarları ilə büdcə gəlirlərinin təsnifatında bir sıra dəyişikliklər edilmişdir.

Yeniliklər, əsasən, sadələşdirilmiş vergidə nəzərə çarpır. Hüquqi və fiziki şəxslərdən alınan sadələşdirilmiş vergi ilə əlaqədar yeni 4 mənbə əlavə edilib:

  • Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən hüquqı şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi;
  • İdman mərc oyunlarının operatoru və satıcıları olan hüquqi şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi;
  • Ticarət fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən 6 faiz dərəcə ilə ödənilən sadələşdirilmiş vergi;
  • İctimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən 8 faiz dərəcə ilə ödənilən sadələşdirilmiş vergi.

Bundan əlavə, spesifik  xidmətlərə görə ödənişlərə yenisi əlavə edilib:

  • Bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə açıq məkanda reklamın yayımı üçün ödənişlər.

Həmçinin gəlirlərin siyahısına “Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə” dövlət rüsumu da əlavə edilib. Buraya aşağıdakı gəlirlər aiddir:

  • Lisenziya alınması üçün təqdim edilmiş sənədlərə rəy verilməsinə görə dövlət rüsumu;
  • Lisenziya verilməsinə görə dövlət rüsumu.

Son olaraq, “Digər hüquqi hərəkətlərə görə” büdcəyə gələn vəsaitə yeni mənbə əlavə edilib:

  • Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərin göstərilməsi, mövsümi (səyyari) ticarət və xidmət yerlərinin müəyyən edilməsi üzrə.

Bu dəyişikliklər 1 yanvar 2017-ci il tarixdən qüvvəyə mindiyi üçün həmin tarixdən etibarən tətbiq ediləcəkdir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır