Ağdam rayonunun Quzanlı qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.
90-a yaxın sahibkarın iştirak etdiyi forumda Ağdam rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda prioritet hesab olunan taxılçılıq, cins heyvandarlıq, tərəvəzçilik, pambıqçılıq və soya əkini təsərrüfatlarının, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov bu ilin ötən dövrü ərzində 320-yə yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 31,7 milyon manat güzəştli kredit verildiyini, bu layihələrin reallaşdırılmasının 900-dən çox yeni iş yerinin açılmasına imkan yaratdığını vurğulayıb.