Cənnətə düşən bank müştərisi – REPORTAJ

“AccessBank” müştərilərinin uğur hekəyisini bölüşməyə davam edir. Budəfəki qəhrəmanımız Göyçay rayonu, Dövranlı kənd sakini Murad Maqsudovdur. Təbii ki, Göyçay deyəndə ilk ağıla gələn nar olur. Elə müştərimiz də uzun illərdir narçılıqla məşğuldur. Öz dili ilə desək, o, çoxdan cənnətə düşüb. Sirr deyil ki, nara cənnət meyvəsi deyirlər…

MEYVƏLƏRİN ŞAHI

O da sirr deyil ki, nar meyvələrin şahıdır. Səbəb sadədir – axı təbiət onun başına tac qoyub. Bu tacı ondan almaq mümkün deyil. Şah sağ olsun, taxt-taca layiqincə sahib çıxır. Şübhəsiz ki, hər bir meyvənin insan orqanizminə faydası çoxdur. Murad kişi isə deyir ki, narın az qala dənələrinin sayı qədər xeyri var. Bu, minlərlə il bundan əvvəl də belə olub, bu gün də belədir.

Narın tərkibi orqanizmin normal fəaliyyəti üçün bir çox minerallar, vitaminlər və mikroelementlərlə zəngindir. Narın əsas vitaminlərini də bilmək vacibdir: bunlar B6, B12, P və C vitaminləridir. Tərkibindəki vitamin C immun sisteminə möhkəmləndirici təsir göstərir. Vitamin P qan damarlarını gücləndirir. B6 – sinir sistemini gücləndirir və B12 – qan formalaşmasını yaxşılaşdırır. Nar mükəmməl şəkildə bütün qan damarlarının divarlarını, sinir sistemini və qan dövranını gücləndirir. Həkimlər buna daha çox yaşlı və əməliyyat keçirmiş insanların diqqət etməsini tövsiyyə edir. Bundan başqa, müntəzəm olaraq yetişmiş nar meyvəsini yemək hipertoniya xəstələrində yüksək arterial təzyiqi təbii yolla aşağı salır.

 

Bir şeyi də əminliklə deyə bilərik ki, nar xərçəng xəstəliyinin düşmənidir. Bu səbəbdən, əziz oxucular, rasionunuzda bu meyvə mütləq olsun! Murad kişinin təbirincə desək, 1 stəkan nar suyu 10 stəkan yaşıl çaya bərabərdir və bu, alimlər tərəfindən təsdiqini tapmış fikirdir.

ŞAHA NECƏ QULLUQ EDİLİR?

Həmsöhbətim deyir ki, Azərbaycanda narın 60-dan çox növü yetişir. Onlardan ən məşhurları Gülöyşə, Bala Mürsəl, Şıxbaba, Vələs sortlarıdır. Narı yetişdirmək xüsusi aqroqaydalara əsaslanır. Nar təsərrüfatlarda əsasən qələmələrlə yetişdirilir. Qışı mülayim keçən rayonlarda çilikləri payızda əkmək daha yaxşıdır. Bu zaman həmin çiliklər yazdakı əkinlərdən tez kök buraxır və güclü boy atır. Yaxşı məhsul əldə etmək üçün nar əkiləcək sahənin hər hektarının şum altına 25-30 ton peyin və 200 – 300 kq superfosfat vermək, şumu isə 40 sm dərinlikdə aparmaq məsləhət görülür. Üzvi gübrə kimi kompostdan da istifadə etmək olar. Bitkilərin inkişafına kül də yaxşı təsir göstərir. Payızda cərgələr arası 20 sm dərinlikdə şumlanır, gövdələrin ətrafı 10 sm dərinlikdə bellənir. Erkən yazda və yayda lazım gəldikdə kultivasiya edilir.

Nar ağacı üçüncü il, bəzən isə ikinci ildən bar verməyə başlayır. Yeddi yaşında koldan tam məhsul yığılır, aqrotexniki qulluqdan asılı olaraq, nar kolu 30 yaşına qədər və daha çox müddət yaxşı məhsul verir. Nar istisevən bitkidir və bu baxımdan vegetasiya müddəti uzun, payızı yağışsız, yayı isti, qışı mülayim olan, temperaturu +15C-dən aşağı olmayan yerlərdə becərmək məsləhətdir. Əkərkən əhəngli, boz, qumlu, ağır gilli, sarı torpaqlara üstünlük verilməlidir. “Bu mənada Göyçay ideal yerdir”, – qəhrəmanım deyir.

ŞAH SAĞ OLSUN!

Şah da sağ olsun, şaha qulluq edən də! Nə vaxt bu fikrə gəldim? Murad kişi deyəndə ki, bu il məhsul bol olub. Niyə bu fikrə gəldim? Çünki müştərimizin sevinci məni çox sevindirdi! Zatən bizim məqsədimiz budur. AccessBank ancaq yaxşı günün dostu deyil! Bunu isə mən yox, Murad kişi deyir: “2011-ci ildən “Göyçay” filialınızın müştərisiyəm. 2015-ci ildən sonra bir müddət çətinliklə üzləşdik… Bu zaman bizi banka dəvət etdilər, biz də dərdimizi dedik. Bir yerdə çıxış yolu tapdıq. Bank bizə yardım əlini uzatdı. Mən anladım ki, siz ancaq yaxşı günün dostu deyilsiniz”.

Bu xoş sözlər fonunda Murad kişidən ayrılmaq istəmirdim, lakin ayrılmalı idim. Çünki digər dostlarımızın uğur hekayələrini dinləmək, onları qələmə almaq üçün səbrsizlənirəm…

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır