SOCAR Albaniyada ilkin mühəndislik dizayn xidmətləri göstərəcək.
Cənub Qaz Dəhlizinə birləşdiriləcək İonik-Adriatik Boru Kəmərinin (İAP) layihələndirilməsi üçün yeni şirkətin təsis olunması barədə razılıq əldə olunub. Bakıda, Heydər Əliyev Mərkəzində SOCAR ilə Albaniyanın Albgaz şirkəti, habelə Monteneqro, Xorvatiya və Albaniyanın qazpaylayıcı şirkətləri arasında Cənub Qaz Dəhlizinə birləşdiriləcək yeni boru kəmərlərinin layihələndirilməsi ilə bağlı iki sənəd imzalanıb. Sənədlərin imzalanma mərasimi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı zamanı keçirilib.
Cənub Qaz Dəhlizindən təbii qazın Albaniya ərazisində paylanması üçün Albaniyanın Fier-Vlora şəhərləri arasında planlaşdırılan yeni boru kəmərinin İlkin Detallı Layihələndirilməsi (FEED) “SOCAR Balkan” şirkəti tərəfindən həyata keçiriləcək. Bununla da SOCAR, ilk dəfə olaraq, Balkan ölkələrində mühəndislik xidmətlərini icra edəcək. Fier və Vlora şəhərləri arasında planlaşdırılan boru kəmərinin layihələndirilməsinə dair niyyət məktubunu “SOCAR Balkan” şirkətinin icraçı direktoru, SOCAR prezidentinin müşaviri Murad Heydərov və Albgaz şirkətinin icraçı direktoru Gençi Gyeçi imzalayıblar.