Bakıda, Heydər Əliyev Mərkəzində SOCAR ilə Albaniyanın Albgaz şirkəti, habelə Monteneqro, Xorvatiya və Albaniyanın qazpaylayıcı şirkətləri arasında Cənub Qaz Dəhlizinə birləşdiriləcək yeni boru kəmərlərinin layihələndirilməsi ilə bağlı iki sənəd imzalanıb.
BBN.az xəbər verir ki, sənədlərin imzalanma mərasimi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı zamanı keçirilib.
Belə ki, SOCAR Albaniyada ilkin mühəndislik dizayn xidmətləri göstərəcək. Cənub Qaz Dəhlizinə birləşdiriləcək İonik-Adriatik Boru Kəmərinin (İAP) layihələndirilməsi üçün yeni şirkətin təsis olunması barədə razılıq əldə olunub.
Cənub Qaz Dəhlizindən təbii qazın Albaniya ərazisində paylanması üçün Albaniyanın Fier-Vlora şəhərləri arasında planlaşdırılan yeni boru kəmərinin İlkin Detallı Layihələndirilməsi (FEED) “SOCAR Balkan” şirkəti tərəfindən həyata keçiriləcək. Bununla da SOCAR, ilk dəfə olaraq, Balkan ölkələrində mühəndislik xidmətlərini icra edəcək.
Digər imzalanan niyyət məktubu İonik-Adriatik Boru Kəmərinin (İAP) layihələndirilməsi üçün yeni bir şirkətin təsis edilməsi ilə bağlıdır. SOCAR-ın texniki məsləhətçi qismində dəstəklədiyi İAP layihəsi TAP boru kəmərini Xorvatiyanın qazpaylayıcı sistemi ilə calaşdıraraq, Cənubi-Şərqi və Mərkəzi-Şərqi Avropa istiqamətlərində təbii qazın ötürülməsi üçün şərait yaradacaq. İnşası Xorvatiya ərazisində 249 km, Monteneqroda 95 km, Albaniyada isə 167 km uzunluğunda planlaşdırılan İAP layihəsi Balkan ölkələrinə ümumilikdə 5 milyard m3 həcmində təbii qaz nəqli üçün şərait yaradacaq.