2018-ci ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyinin195-2 Çağrı Mərkəzinə 2500-dən çox müraciət daxil olub.
BBN.az xəbər verir ki, bu müraciətlərin 2 minə yaxını canlı rejimdə birbaşa, digər hissəsi isə səsli menyu vasitəsilə cavablandırılıb. Ümumilikdə isə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək Çağrı Mərkəzinə 75 mindən çox müraciət daxil olub.
Müraciətlər əsasən, sahibkarlıq, güzəştli kreditlərdən istifadə olunması, lisenziyaların verilməsi, istehlakçıların hüquqlarının müdafiəsi, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi mexanizmləri və Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.
Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, eyni zamanda canlı rejimdə daxil olmuş araşdırma tələb edən müraciətlər isə Nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb.
Qeyd edək ki, Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.