Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən xeyli sayda vətəndaşın işlərə cəlb edilməsi faktlarını aşkarlanıb.
İyun ayının 5-də keçirilmiş vergi nəzarəti zamanı Toğrul Nəbiyevin rəhbərlik etdiyi kompozit taxta sexində və “Vegaplast” MMC-yə məxsus istehsal sexində 42 nəfər fiziki şəxsin əmək müqavilələrinin olmadığı müəyyən edilib.
Həmçinin Toğrul Nəbiyevə məxsus “Tekoplast” əmtəə nişanı adı altında kompozit taxtalar, pvc lambirinlər, plintuslar, asma tavanlar istehsal edilən sexdə işlərin yerinə yetirilməsinə cəlb edilmiş 19 nəfər fiziki şəxsin əmək müqavilələrinin olmadığı qeydə alınıb
Faktla bağlı materiallara cinayət işinin başlanması məqsədilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində baxılacaq.
Qeyd edək ki, 2017-ci ilin ötən 5 ayı ərzində əmək müqavilələrinə nəzarət tədbirləri zamanı 261 vergi ödəyicisi üzrə 1965 nəfər əmək müqaviləsi olmayan işçi aşkar edilib, işəgötürənlərə 1,6 mln. manat maliyyə sanksiyası tətbiq edilməklə məsuliyyət qərarı çıxarılıb. Bu müddət ərzində “Ştutqart” , “Halal Tekstil”, “Arm” , “Altrade”, “Təmiz Qida”, “Salam Şirkətlər Qrupu” MMC kimi vergi ödəyicilərində də işçi sayının azaldılması halları aşkarlanaraq, onların barəsində məsuliyyət qərarı çıxarılıb.