Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında bildirib ki, İlin əvvəlindən iqtisadi artım tempində başlayan yüksəliş davam edir. 2019-cu ilin I rübündə ötən ilin müvafiq dövrünə nəzərən real iqtisadi artım 3% təşkil etmişdir. İqtisadi artım qeyri-neft sektorunda 1.7% olmuşdur ki, bu da əsasən ticari sektordan qaynaqlanmışdır. Qeyri-neft sənayesində 16.1%, kənd təsərrüfatında 3.6% artım müşahidə olunmuşdur.
Mərkəzi Bank tərəfindən həyata keçirilən real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi ötən 3 ayda ticarət və tikinti sektorunda artmışdır. Sosial islahat paketi çərçivəsində iqtisadiyyata veriləcək fiskal stimulların ilin qalan dövründə daxili tələbi genişləndirməklə iqtisadi aktivliyi yüksəldəcəyi gözlənilir. İstehlak tələbinin genişlənməsinin izafi inflyasiya təzyiqi yaratmamasının başlıca şərti daxili istehsalın artımıdır.