Çin nəğd ödənişlərin rədd edilməsini illeqallaşdırıb

Rəqəmsallaşma və ödəmə texnologiyalarının sürətli inkişafı bütün ölkələrə təsirini göstərmişdir. Bu sahədə ən irəlidə gedən və demək olar ki, tamamilə nəğdsizləşdirilmiş ölkələrdən olan Çin Xalq Respublikasının Mərkəzi Bankı bu gedişatdan narazıdır.

Belə ki, Çin Mərkəzi Bankı sahibkarlara iş yerlərində nəğd ödənişlərdən imtina edilməsinin qanunsuz olması barədə xatırlatma edib.

Çin Mərkəzi Bankından verilən açıqlamada bildirilib ki, rəqəmsal ödənişlər faydalı yenilik olsa da, nəğd pula olan inamı azaltmamalı, nəğd ödənişləri əvəzləməməlidir. Səbəb olaraq, bunun yaşlılar və müəyyən səbəblərdən rəqəmsal bankçılıq xidmətlərindən istifadə edə bilməyən şəxslərə qarşı ədalətsizlik olacağı göstərilib.

Qeyd edək ki, nəğdsiz cəmiyyət olmaq istiqamətində ən çox məsafə qət edən İsveçin də Mərkəzi Bankı bir müddət əvvəl oxşar açıqlama verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır