Çində Azərbaycanın ticarət nümayəndəliyinin ofisi açılıb

Fevralın 5-də Çinin Pekin şəhərində Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisinin rəsmi açılışı olub. Bununla bağlı keçirilmiş mərasimdə İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə Çində səfərdə olan Azərbaycan nümayəndə heyəti və Çin rəsmiləri iştirak edib.

Tədbirdə nazir Şahin Mustafayev Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişaf etdiyini, Çinin ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğunu və 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin 1,2 mlrd. ABŞ dolları olmaqla, 43% artdığını vurğulayıb. Çin Azərbaycanın ticarət tərəfdaşları sırasında ticarət dövriyyəsinə görə 4-cü, ixracda 8-ci, idxalda isə 3-cü ölkədir. Azərbaycanda Çin kapitallı 100-dən çox şirkət fəaliyyət göstərir, bu şirkətlər müxtəlif layihələrdə uğurla iştirak edirlər. Ölkəmiz Çin Xalq Respublikası ilə investisiya sahəsində də uğurlu əməkdaşlıq edir. 2016-cı və 2017-ci illərdə Çinə 3 ixrac missiyası təşkil edilib, Azərbaycan məhsulları Çində keçirilmiş 2 sərgidə “Made in Azerbaijan” vahid ölkə stendi ilə nümayiş olunub. Azərbaycan bu il Çində keçiriləcək daha 3 sərgidə iştirak edəcək. İndiyədək Azərbaycan və Çin iş adamlarının iştirakı ilə 8 biznes forum keçirilib. Azərbaycan nümayəndə heyətinin Çinə səfəri çərçivəsində növbəti biznes forum fevralın 6-da təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır