Fevralın 6-da Pekində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Azərbaycanın Çin Xalq Respublikasındakı Səfirliyinin və Çinin Kommersiya Nazirliyinin təşkilatçılığı, Türkiyə, Qazaxıstan və Gürcüstan nümayəndə heyətlərinin iştirakı ilə “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu” mövzusunda Beynəlxalq Konfrans keçirilib.
BBN.az xəbər verir ki, Azərbaycan tərəfi konfransda İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ilə iştirak edib.
Konfransda Çin Xalq Respublikasının Kommersiya nazirinin müavini Van Şoven 2017-ci ildə “Kəmər və Yol” təşəbbüsünün əhatə etdiyi ölkələrlə ticarət dövriyyəsi və qarşılıqlı investisiya qoyuluşunun əhəmiyyətli dərəcədə artdığını bildirib.
Konfransda İqtisadiyyat naziri Azərbaycan-Çin iqtisadi əlaqələrinə, eləcə də “Trans-Xəzər Tranzit Dəhlizi”ni əhatə edən ölkələrlə əməkdaşlıq barədə də məlumat verib. Həmçinin, konfransda Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinə dair film nümayiş olunub.
Qeyd edək ki, Konfrans “Trans-kontinental yük daşımalarındakı üstünlüklər” və “Kəmər və Yol təşəbbüsü boyunca vahid regional tranzit və logistika infrastrukturu” mövzularında panel iclaslarla davam edib. İclaslarda Türkiyə, Qazaxıstan və Gürcüstan rəsmiləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın baş direktoru Taleh Ziyadov və Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ofis rəhbəri Elçin Əhmədov çıxış edərək Azərbaycanın nəqliyyat-tranzit potensialı, bu sahədə yaradılmış müasir infrastruktur, həyata keçirilən layihələr və Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının fəaliyyəti barədə məlumat veriblər.