Prezident İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətinin müasirləşdirilməsi üçün onun yenidən təşkili yolu ilə Xəzər dənizinin Bakı şəhərinə aid akvatoriyasında liman xidmətləri göstərmək hüququ olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb, habelə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə başlanılıb.
Sərəncama əsasən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üçün 6 ədəd portal kranın alınması və 2 ədəd mövcud kranın modernləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Prezidentin 2016-cı il 27 dekabr tarixli fərmanında nəzərdə tutulmuş vəsaitdən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə müvafiq olaraq 33,2 milyon manat və 3,6 milyon manat olmaqla, cəmi 36,8 milyon manat vəsait ayrılıb.