Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı olub

Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılış mərasimi olub.

BBN.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. İqtisadiyyat naziri Şahin Mustafayev burada görülən işlər barədə məlumat verib. Bildirilib ki, bu liman birinci kateqoriya limanlar üçün müəyyən edilmiş texniki tələblərə uyğun layihələndirilib və inşa olunub.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamın icrası olaraq başlanılıb. 2010-cu ilin noyabrında dövlətimizin başçısının iştirakı ilə yeni liman kompleksinin təməli qoyulub. 2014-cü ilin sentyabrında liman qurğularından biri – iki körpüdən ibarət bərə terminalı, bu ilin yanvarında isə iki körpüdən ibarət olan Ro-Ro terminalı istifadəyə verilib. Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır.

Müasir dövrün ən son mühəndislik yeniliklərindən olan dəmir-beton konstruksiyalı istinad divarının uzunluğu isə 1777 metr təşkil edir. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib. İkinci Ro-Ro körpüsü və bərə körpüləri hidravlik sistemli asqılı pandusla təchiz edilib ki, bu da suyun səviyyəsinin müəyyən hədlərdə enib-qalxmasından asılı olmayaraq gəmilərin körpüyə təhlükəsiz yan almasını təmin edir. Limanda xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metr təşkil edir və bura eyni zamanda 11 gəmi yan ala bilər. Burada ümumi sayı 2502 olmaqla, uzunluğu 45 kilometr, orta dərinliyi 26 metr təşkil edən müxtəlif diametrli svay işləri aparılıb. Limanın yerüstü infrastrukturu bu svaylar üzərində qurulub. Kompleksin qərb istiqamətində olan sahil xəttinin yuyulmasının qarşısının alınması məqsədilə 1077 metr uzunluğunda xüsusi struktura malik müdafiə divarı inşa edilib.

Liman akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb, uzunluğu 7,5 kilometr, dönmə dairəsinin diametri 450 metr olan giriş kanalı inşa olunub. Bu kanal və dönmə akvatoriyası Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasını təmin etmək imkanı verir. Hazırda limana çəkisi 7000-8000 tona qədər olan gəmilər daxil olur ki, mövcud dərinlik bunun üçün kifayət edir. Layihələndirmə zamanı liman akvatoriyasında dərinliyin artırılma imkanı da nəzərə alınıb ki, bu da gələcəkdə daha böyük gəmilərin də sərbəst yanalmasını təmin edəcək.

Kompleksdə yükləmə-boşaltma əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi məqsədilə Almaniya istehsalı olan 80, 40 və 32 tonluq 6 yeni portal kran quraşdırılıb, 2 mövcud portal kranın isə modernləşdirilərək quraşdırılması işləri davam edir.

Layihə çərçivəsində limanın əməliyyat binası, yük sahələri və anbarlar, sərhəd və gömrük xidməti məntəqələri, bütövlükdə 72 müxtəlif təyinatlı bina və qurğular inşa olunub, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi davam etdirilir. Burada qapalı və açıq anbarlar yaradılıb. Konteyner meydançasında eyni zamanda 1040 konteynerin yerləşdirilməsi, 64 soyuduculu konteynerə xidmət göstərilməsi üçün xüsusi infrastruktur yaradılıb.

Qedy edək ki, ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır