Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 15 avqust tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə hərrac keçiriləcək. Vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 196 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 75-i kiçik dövlət müəssisə və obyekti, 101-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətləridir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Sabirabad Mexanikləşdirmə“, “Zaqatala Fındıq”, “Xəzər Avtonəqliyyat “, “Bərdə Kəndkimya”, “Ucar Tikinti”, “Kürdəmir Aqrotexservis” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.
Hərraca çıxarılan səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 69 min manatla 850 min manat arasında dəyişir.
Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 13 kv.m ilə 2100 kv.m arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən kiçik dövlət müəssisəsi paytaxtın Suraxanı rayonunda yerləşən 42 saylı mağazadır. Adı çəkilən əmlak 400 min manata təklif edilir.
Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 12-si respublikanın digər şəhər və rayonlarında, qalanları isə paytaxtda yerləşir.