Daha bir qəsəbəyə ilk dəfə təbii qaz verilib

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir.

BBN.az xəbər verir ki, 2018-ci il iyulun 05-də Xaçmaz rayonunun Dalğalı qəsəbəsinə təbii qaz verilib.

83 abonenti olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 244 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 9 148 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Xaçmaz rayonunun Turist qəsəbəsi və Krasnı Xutor kəndində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır