Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkında daha bir yeni rezident şirkət fəaliyyətə başlayıb.
“CRM Group” MMC hazırda Azərbaycana idxal olunan məhsulların yerli əvəzedicilərinin hazırlanması istiqamətində öz biznes fəaliyyətini qurmağı planlaşdırır.
Şirkətin öncə Azərbaycanda İT sahəsində innovativ məhsulların istehsalının elmi araşdırmaları, yerli istehsal üçün məhsulların araşdırılıb tətbiqi edilməsi və qarşıdakı illərdə bu məhsulları “Made in Azerbaijan” brendi adı altında istehsalı nəzərdə tutulur.
Yüksək Texnologiyalar Parkı isə layihə ilə bağlı infrastrukturun təmin edilməsini təşkil edəcək. Belə ki, YTP-nın ərazisində 2,5 ha ərazidə laboratoriya, anbar, ofis və yardımçı sahələrin qurulması planlaşdırılır. Bundan başqa, dünya üzrə tanınmış brendlərin “CRM Group”la birlikdə YTP-da İT məhsullarının Azərbaycanda istehsalı və yığımı, Yüksək Texnologiyalar Parkı ərazisində beynəlxalq arena üçün innovativ biznesyönümlü proqram təminatlarının inkişafı planlaşdırılır.
“CRM Group” MMC-nin illik istehsal həcmi 20 mln. manat olacaq ki, ilkin mərhələdə istehsal olunan məhsullar Azərbaycan bazarı üçün, daha sonra isə xarici bazarlara da məhsul ixracına başlanılacaq.
Qeyd edək ki, Yüksək Texnologiyalar Parkının ikinci rezidenti olacaq bu şirkətin 2020-ci ilə qədərAzərbaycanda lazer printer tonerlərinin aparıcı distributoru olması, həmçinin İT proqram həlləri və xidmətləri üzrə aparıcı şirkətə çevrilməsi hədəf seçilib.
Mənbə: APA.az