Həmkarlarımla elmi iş və şirkət, eləcə də dövlət qurumlarının rəhbərlərinin konsultasiyası gedişində bu qənaətə gəldik ki, emosiyalar boş yerdən yaranmır. Dediyimi daha anlaşılan etmək üçün iki nəfərlə bağlı əhvalatı danşacam. Hər ikisi işdən fərqli şəkildə azad edilmişdi. Ceyn müdirindən öyrəndi ki, işlədiyi bölməni müxtəlif iqtisadi çətinliklər səbəbindən ləğv etməyə hazırlaşırlar. Müdir bunları deyərkən şirkətdə işlədiyi illərə görə ona heç minnətdarlıq belə etmədi. Bundan başqa, müdir işdən çıxarılma barədə qabaqcadan xəbərdarlıq etməməklə onu manevr azadlığından məhrum etdi. Ceyn düşünürdü ki, əbədi müttəfiq və dost saydığı “yuxarıdakılar” nəinki onun üzərindən xətt çəkiblər, həm də xəyanət ediblər. O hirslənərək məhkəməyə getmək niyyətini bildirdi.
Digər şirkətin meneceri Kris də işi həmin səbəbdən itirmişdi, amma onun müdiri həssaslıq göstərərək zərbəni zəiflətdi. Əvvəlcə o Krisə ötən rüb üzrə satış məlumatlarını göstərdi və ondan mənfəəti necə yüksəltməyin mümkün olduğunu soruşdu. Beləcə Kris ilk dəfə şirkətin maliyyə problemlərini öyrəndi. Ticarət getdikcə zəifləyirdi və rəhbərlər qənaət etmək məqsədilə Krisin stavkasını azaltmağa qərar verdilər. Amma ona təklif etdilər ki, tam stavka ilə 1 ay, yaxud natamam stavka ilə 2 ay işləsin. Üstəlik, ona dedilər ki, vəziyyət yaxşılaşsa, onu geri götürəcəklər. Bundan başqa, müdiri Krisə söz verdi ki, onu sanballı şəxslərlə tanış edəcək.
Kris işini itirsə də, şirkətdən incimir. Müdiri Krisdən məsləhət istəyərək, ona işdən çıxarılma şərtlərini özünün seçməsini təklif edərək, gələcəkdə onun üçün qapıları açıq saxlayaraq onun əməyini qiymətləndirdi, onun azadlığını nəzərə aldı və işgüzar əlaqələrlə bağlı kömək etdi. İnsanların əsas emosional tələbatlarını bilərək onlara azməsrəfli və olduqca effektiv təsir metoduna malik olursunuz. Təşkilatınızda dost ab-havasını yaratmaq və onu qoruyub saxlamaqla özünüzə zəmanət verirsiniz ki, uğurlu dövrlərdə işlərinizin daha yaxşı gedəcək uğursuz dövrlərdə isə onlara asanlıqla davam gətirəcəksiniz.