Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) Azərbaycan Banklar Assosiasiyası (ABA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə Lənkəran şəhərində Kiçik və orta sahibkarlıq (KOS) subyektlərinə Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin (reyestr) iş prinsipi, eyni zamanda “Kapital bazarları vasitəsilə maliyyələşmə” və “Biznes risklərinin idarə edilməsi: gəlir və xərclərin düzgün tənzimlənməsi” mövzusunda təlim keçib.
70-dən çox sahibkarın və kredit təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Lənkəran rayon icra hakimiyyətinin nümayəndəsi iştirakçıları salamlayıb və ölkədə həyata keçirilən islahatların uğurlu nəticələri barədə məlumat verib.
Seminarda çıxış edən Palatanın nümayəndəsi tərəfindən dünyanın nüfuzlu “Doing Business – 2019” hesabatında ölkəmizin 190 ölkə arasında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşması və bu uğuru şərtləndirən uğurlu iqtisadi siyasət xüsusi vurğulanıb. Daha sonra reyestrin əsas iş prinsipi, yüklülüyün növləri və yüklülük predmeti, reyestrin sahibkarlar və maliyyə qurumları üçün faydası barədə ətraflı məlumat verilib.
Reyestrin üstünlükləri barədə danışılarkən bildirilib ki, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edə bilər. Qeyd olunub ki, aşınar əşyalara hər cür avadanlıqları, kənd təsərrüfatı texnikalarını, heyvanları, biznesdə istifadə olunan əşyaları aid etmək olar.
Təlimdə, həmçinin reyestrin faydalı cəhətləri arasında kredit almaq imkanlarının genişlənməsi, daşınar əmlakların təminata cəlb edilməsinin stimullaşdırılması, hər növ daşınar əmlakın yüklülüyünün mümkün edilməsi və digər xüsusiyyətlər də qeyd edilib. Eyni zamanda bildirilib ki, 2 noyabr 2018-ci il tarixinə reyestrdə qeydiyyatdan keçmiş şəxslərin sayı 600 nəfərə yaxın, sistemə daxil edilmiş bildirişlərin sayı isə 27 mindən çox olub.
Təlimdə KOBİA-nın Masallı üzrə “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) çıxış edərək, agentliyin yaradılmasının məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat verib. Agentliyin fəaliyyətinin əsas məqsədinin kiçik və orta sahibkarlığın yaradılması və inkişafının bütün mərhələlərində zəruri dəstək tədbirlərinin həyata keçirilməsi olduğunu bildirib. Bu tədbirlər güzəştli maliyyə mənbələrinə çıxışın asanlaşdırılması, qabaqcıl təşkilati modellərin tətbiqi, davamlı təlim sisteminin yaradılması, yeni ideya və innovasiyaların biznesə inteqrasiyası, xarici bazarlara çıxış, sahibkarların maraqlarının müdafiəsi və digər istiqamətləri əhatə edir.
ABA-nümayəndəsi ABA-nın fəaliyyət istiqamətləri barədə məlumat vermiş, eyni zamanda təşkilatın üzv təşkilatların maraqlarını qoruyan, onları zəruri və faydalı məlumat və xidmətlərlə təmin edən, bank sektorunun inkişafına xidmət edən, təcrübə, ideya və təşəbbüslərin müzakirə edildiyi platformaya çevirmək istiqamətində görülmüş işlərdən danışıb.
Kapital bazarlarına həsr olunmuş çıxışda Palatanın mütəxəssisi tərəfindən qiymətli kağızlar bazarından vəsait cəlb etməyin yolları, səhm və istiqraz emissiyaları, fond birjasında listinqə çıxış, korporativ idarəetmə, eləcə də dövlət istiqrazları, onların gəlirliyi, həcmi, ticarəti və istiqrazlarının üstünlükləri barədə ətraflı məlumatlar verilib.
Tədbirdə, həmçinin sahibkarların qarşılaşdığı biznes riskləri haqqında da məlumat verilib və müzakirələr aparılıb. Müzakirələrdə əsas mövzu mövcud şəraitdə yarana bilən əsas risklər və onların yaranma səbəblərinin müəyyənləşdirilməsi, risklərin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi olub.