Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprelin 9-da “Daşınmaz əmlakın qeydiyyatında yeni mərhələ: elektron çıxarış, innovativ tətbiqlər və vətəndaş məmnunluğu” mövzusunda İşgüzar Dialoq keçirilib.
BBN.az xəbər verir ki, tədbirdə daşınmaz əmlakın qeydiyyatı sahəsində çalışan özəl sektor, Qeyri Hökümət Təşkilatlarının nümayəndələri, rieltorlar, müstəqil ekspertlər və media nümayəndələri iştirak ediblər.
Məqsəd isə iştirakçıları daşınmaz əmlakın qeydiyyatı sahəsində tətbiq olunan müasir informasiya-kommunikasiya texnologiyaları, innovativ və operativ üsullar haqqında məlumatlandırmaq, mövcud potensialın artırılması yollarını müzakirə etməkdir. Eyni zamanda bu sahədə xidmətlərin əhaliyə rahat şəkildə çatdırılması, şəffaflığın, vətəndaş məmnunluğunun daha da artırılması məqsədilə optimal yanaşmalar əsasında ideya bankının formalaşdırılmasıdır.
Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bildirib ki, sosial faktorlar və vətəndaş amilinin gücləndirilməsi prinsipləri nəzərə alınaraq, daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı, xidmətlərin maksimum sadələşdirilməsi, prosedurların optimallaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə bu sahədə mütəmadi olaraq yeniliklər edilir.
Qeyd edilib ki, yeniliklərlə yanaşı qeydiyyat sahəsində xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması üçün “əks zəng” xidməti və sosial sorğu layihələrinə start verilib. Bu layihələr vasitəsilə vətəndaşlardan qeydiyyat prosesinin keyfiyyətinə olan münasibətlərinin canlı olaraq öyrənilməsi və təkliflərin alınması mümkündür. Məmnunluq prinsiplərini təmin edən sosial layihələrdən olan Kütləvi çıxarış kampaniyaları, mobil ofislər vasitəsilə isə vətəndaşların ünvanlarında qeydiyyat xidmətləri göstərilir. Ötən il ərzində 20, cari ildə isə 10-a yaxın Kütləvi çıxarış kampaniyası keçirilib.
Bu işlərin nəticəsi olaraq Azərbaycan əmlakın qeydiyyatının sadəliyinə görə nüfuzlu beynəlxalq iqtisadi və maliyyə qurumlarının hesabatlarında ön yerlərdə qərarlaşıb. Tətbiq edilən innovativ xidmətlər ötən il ərzində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının ümumi sayında 14,5%, ilkin qeydiyyatda 18,5% artıma səbəb olub. Komitə tərəfindən istifadəyə verilən 37 elektron xidmətin 24-ü daşınmaz əmlakın qeydiyyatı sahəsinə aiddir.
Bu ilin 20 fevral – 30 mart tarixləri aralığında, yəni təxminən 40 gün ərzində 1000-ə yaxın elektron çıxarış əldə edilib.
Göstərilən xidmətlərin keyfiyyətini müəyyənləşdirməyə imkan verən “əks zəng” sistemi vasitəsilə vətəndaşların bu xidmətlərdən razı qalıb qalmadığını öyrənmək mümkün olur. İnsanlar daşınmaz əmlakın qeydiyyatı ilə bağlı hər hansı çətinliklə üzləşdiyində komitəyə bu barədə məlumat verə bilirlər. Bu xidmət nəticəsində əldə edilən məlumatlar fəaliyyətin daha düzgün şəkildə qurulmasına, təkmilləşdirilməsinə, o cümlədən şəffaflıq prinsipinin təmin edilməsinə imkan verir.