Daşınmaz əmlakın qeydiyyatı 12% artıb

Əmlak Məsələlər Dövlət Komitəsi  I yarım il üzrə statistik məlumatları açıqlayıb.

Belə ki, 2017-ci ilin ilk 6 ayında daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı 94 minə yaxın olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 12%-artım olduğunu göstərir. Bu göstəricinin 28 min 500-ə yaxını, yəni 30,4% ilkin, 65 minə yaxını, yəni 69,6% isə təkrar qeydiyyata aid olub. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 18 min 498-i fərdi yaşayış və bağ evi, 23 min 758-i mənzil, 47 min 233-ü torpaq sahəsi, 1725-i qeyri-yaşayış binası, 1568-i qeyri-yaşayış sahəsi, 375-i əmlak kompleksi, 23-ü çoxmərtəbəli yaşayış binası, 122-si isə çoxillik əkmələr təşkil edib.

İlkin qeydiyyatın 10 min 654-ü Bakı şəhərinin, 18 minə yaxını isə regionların payına düşür.  Qeyd edək ki, ilkin qeydiyyat ötən ilin ilk 6 ayı ilə müqayisədə 17,7% artıb.

Həmçinin, 2017-ci ilin yanvar-iyun ayları ərzində ölkə üzrə 5913 mənzil özəlləşdirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə özəlləşdirilən mənzillərin sayı 17,2% artıb. Ümumilikdə isə özəlləşdirmə başlayandan bu günədək ölkə üzrə 535 minə yaxın mənzil özəlləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır