“Daşkəsən Filizsaflaşdırma” ASC-nin səhmləri satışa çıxarılıb

“Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2198 nömrəli Sərəncamının icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmlərinin investisiya müsabiqəsi vasitəsilə satışı ilə əlaqədar zəruri işlər davam etdirilir.

Müsabiqənin dövlətin strateji maraqlarına uyğun və daha səmərəli keçirilməsi məqsədi ilə “KPMG Azerbaijan Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi açıq tender əsasında məsləhətçi qismində cəlb edilib. Satılan səhm zərfinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi aparılıb, gələcək iqtisadi faydaların əldə edilməsi ilə müəyyən edilən investisiya dəyəri çıxarılıb.

İnvestorun ciddiliyini və kifayət qədər maliyyə imkanlarına malik olmasını təsdiq etmək baxımından müsabiqənin ilkin şərtlərindən biri kimi, 5 il ərzində icra olunacaq layihənin ümumi investisiya məbləğinin 10%-i (100 milyon manat və ya ABŞ dollarının cari kursu ilə təqribən 60 milyon ABŞ dolları) məbləğində dövlət büdcəsinə hissələrlə ödəniş etməsinə dair öhdəlik götürməsi müəyyən olunub.

Beynəlxalq standartlara əsasən aparılan qiymətləndirmə zamanı 2017-ci il üçün 62%-lik dəmir filizi konsentratının proqnoz qiyməti 48 ABŞ dolları götürülsə də, hazırda dünya bazarlarında konsentrat qiymətləri 82 ABŞ dollarına qədər bahalaşıb. Buna baxmayaraq, layihənin özəlləşdirmə cəlbediciliyini qorumaq üçün müsabiqə komissiyası tərəfindən dövlət büdcəsinə ödənişin məbləği hələlik artırılmadan saxlanılması qərara alınıb, bu məbləğin kəskin artacağı halda isə büdcə ödənişinə yenidən baxılması məqsədəuyğun hesab edilib. Xatırladırıq ki, 2012-2013-cü illərdə dünya bazarlarındakı qiymətlər 136 ABŞ dollarınadək yüksəlib.

Göründüyü kimi, dəmir filizi ehtiyatlarının həcmi 270 milyon ton olan “Daşkəsən Filizsaflaşdırma” ASC-ni özəlləşdirməklə, onun mədənlərindən istifadə hüququnu əldə edəcək investorun gələcək pul axınlarının geriyə doğru diskontlaşdırılmış indiki dəyəri nəzərə alınarsa, investor qarşısında qoyulan şərtlərin ədalətli və əhəmiyyətli dərəcədə güzəştli olduğu hesab edilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır