Dayanıqlı İnkişaf Məqsədləri üzrə beynəlxalq tədbir keçirilib

Mayın 30-da Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunun birgə təşkilatçılığı ilə yüksək səviyyəli rəsmi statistiklər üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair sub-regional seminar öz işinə başlayıb.

Beynəlxalq tədbirdə BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunun, MDB Dövlətlərarası Statistika Komitəsinin, İslam Əməkdaşlıq Təşkilatının, İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin, Almaniya, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Monqolustan, Özbəkistan, Rusiya, Tacikistan və Türkiyə statistika qurumlarının rəhbər şəxsləri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvləri və Azərbaycanda akkreditə olunmuş bir sıra beynəlxalq təşkilatların rəhbərləri iştirak edib.

Açılış mərasində ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, eyni zamanda dayanıqlı inkişafın davamlılığının təmin edilməsi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verilib. Həmçinin, Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli prioritetlərin müəyyən edilməsi, milli səviyyədə sənədin təbliğinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, tədbirin 6 sessiyasında mövcud vəziyyət: qlobal və regional səviyyədə əldə olunan nailiyyətlər, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə milli göstəricilər sistemi: cari vəziyyət və ehtiyaclar, milli və qlobal məlumatlar, statistik biznes proseslərin transformasiyası və müasirləşdirilməsi, çağırışlara adekvat cavab: statistik potensialın artırılması üçün imkanlardan istifadə, nəticələr və tövsiyələr mövzuları üzrə çıxışlar və iştirakçı ölkələrin təqdimatları nümayiş olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır