“Dayanıqlı İnkişaf Məqsədlərinə doğru davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda konfrans keçiriləcək

Mayın 21-də Bakı şəhərində “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

BBN.az xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə baş tutacaq.

Konfransda iştirak etmək üçün BƏT-in Baş direktoru Qay Rayderin ölkəmizə səfəri planlaşdırılıb. Bu, Azərbaycan Respublikasının BƏT-ə üzv olduğu dövrdə Təşkilatın Baş direktorunun ölkəmizə ilk səfəri olacaq. Tədbirdə beynəlxalq qurumların, ayrı-ayrı ölkələrin hökumətlərinin, həmkarlar ittifaqlarının və işəgötürənlər təşkilatlarının yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.

Konfrans çərçivəsində “Əməyin arzuolunan gələcəyi” mövzusunda plenar sessiya keçiriləcək, iqtisadi inkişafın inklüziv, davamlı və iş yerlərinin açılması baxımından səmərəliliyinin təmin edilməsi, qeyri-rəsmi iqtisadiyyatdan rəsmi iqtisadiyyata keçid, Dayanıqlı İnkişaf Məqsədləri üzrə monitorinq sistemlərinin tətbiqi məsələləri ətrafında panel iclaslar səviyyəsində müzakirələr aparılacaq. Layiqli əmək konsepsiyasının təbliği və reallaşdırılmasında region ölkələrinin əldə etdiyi nailiyyətlər nəzərdən keçiriləcək, təcrübə mübadiləsi aparılacaq. Konfrans zamanı “Bakı EXPO 2025” ilə bağlı təqdimatın keçirilməsi də nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır