Məlumat verildiyi kimi, oktyabrın 25-26-da Dayanıqlı İnkişafa dair Bakı Forumu keçirilir.
Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən Forumda Avropa və MDB ölkələrinin yüksək vəzifəli nümayəndələri, ombudsmanlar, BMT-nin, beynəlxalq maliyyə institutlarının, vətəndaş cəmiyyəti, özəl sektorun və KİV təmsilçiləri iştirak edir.
Forum bu gün işini müxtəlif mövzularda sessiyalarla davam etdirir.
“Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclər, qadınlar, parlament, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərin rolu” sessiyasında Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında parlament, vətəndaş cəmiyyəti, elmi təşkilatlar, özəl sektor, gənclər və digər sosial qrupların rolunun artırılmasına dair interaktiv müzakirələr aparılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın moderatorluğu ilə keçirilən sessiyada Belarus Respublikasının Parlament sədrinin müavini Marianna Şyotkina Belarusda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) çatmq istiqamətində həyata keçirilən institusional və digər tədbirlər barədə təcrübəni bölüşüb, Forumun DİM-ə nail olunması istiqamətində əməkdaşlığın genişləndirilməsi üçün vacib platforma olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavini Bahar Muradova DİM-ə nail olunması üçün Azərbaycanın bir sıra uğurlar əldə etdiyini, Foruma ev sahibliyi etməklə ölkəmizin bu hədəflərin reallaşdırılmasına böyük önəm verdiyini vurğulayıb, qanunvericiliyin təkmilləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verilib.
ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini, millət vəkili Tahir Mirkişili, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova mövzuya dair fikirlərini bildirib, iqtisadiyyat, gənclər və idman sahələrində həyata keçirilən tədbirlər, bu sahələr üzrə istiqamətlərdə DİM-lərin icrası barədə danışıblar.