“2015-2017-ci illəri əhatə edən strateji inkişaf dövrü ərzində “PAŞA Bank” ASC biznes əməliyyatların inkişafı və institusional möhkəmlənmə baxımından bir sıra məqsədlərinə çatıb. Bilirsiniz ki, bu dövr ərzində ölkədə iqtisadi çətinliklər və milli valyutanın devalvasiyası kimi proseslər baş verdi. Sadaladıqlarımı nəzərə alaraq biz planlarımıza bəzi korreksiyaları etməli olduq”.
Bu barədə “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.
“Strateji inkişaf dövrünün sonuna 3 ay qalsa da, biz indidən deyə bilərik ki, bu dövrü müsbət nəticələrlə başa vuracağıq. Son iki il ərzində bankın təşkilati strukturu dəyişib, yeni funksiyalar işə salınıb, bir çox layihələr icra olunub. Bunlar bankın gələcək inkişafı üçün vacib idi. Strateji inkişaf dövrünün başa çatmasına 3 qaldığı bir vaxtda biz öz məqsədlərimizə doğru irəliləyəcəyik”, – deyə bankir qeyd edib.
T. Kazımov əlavə edib ki, ölkədə iqtisadi aktivliyin azalmasına baxmayaraq, müştərilər tərəfindən bankın məhsullarına göstərilən maraq stabil olaraq qalır, hətta bəzi istiqamətlər üzrə artır: “Makroiqtisadi şəraitin dəyişkənliyi fonunda biz mütəmadi olaraq bazar şərtlərini analiz edirik və mümkün problemlərin həlli üçün preventiv tədbirlər görürük”.
Mənbə: apa.az