2017-ci ildə Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirildiyini, 2 milyard 250 milyon manat büdcə proqnozuna qarşı, faktiki olaraq 2 milyard 608,8 milyon manat gömrük vergi və rüsumlarının toplanaraq dövlət büdcəsinə köçürülüb.Proqnozun 115.6 % yerinə yetirildiyini, bunun da 2016-cı illə müqayisədə 317.2 milyon manat və ya 13.8 % çox olduğu diqqətə çatdırılıb.
Bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev “2017-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda mətbuat konfransında deyib.
Qeyd edilib ki, 2017-ci ildə Azərbaycan Respublikasının iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunması məqsədilə qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizə istiqamətində də məqsədyönlü tədbirlər görülüb.
Gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 8819 hüquqpozma faktı aşkarlanıb.
Bu faktlardan 704-ü cinayət xarakterli olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 8 milyon 320 min manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 765 nəfərin barəsində müvafiq tədbirlər görülüb.