Sentyabrın 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycanda fəaliyyət göstərən ən iri neft şirkəti kimi BP ilə gömrük orqanları arasında mövcud əlaqələrdən bəhs edən Komitə sədri, bu istiqamətdə gömrük orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini, gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin daha operativ surətdə aparılmasını təmin etmək üçün ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycanda fəaliyyət göstərməsindən məmnunluğunu ifadə edib. “Şirkətin həyata keçirdiyi irimiqyaslı layihələrin icrasında gömrük orqanlarının müstəsna rolundan danışan Qəri Counz gömrük sistemi ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu, uzun illərdən bəri mövcud olan bu işgüzar əlaqələrin 2050-ci ilə qədər uzadılan “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsi dövründə daha da genişlənəcəyinə əminliyini qeyd edib.
Görüşdə, həmçinin hər iki qurum arasında əlaqələrin səmərəliliyinin artırılması məqsədilə gələcəkdə keçiriləcək, xüsusilə gömrük sahəsində təhsil alan tələbələrin iştirak etdiyi tədbir və proqramlarda qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.