Yanvarın 9-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb.
Görüş zamanı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycan və Yaponiya gömrük xidmətləri arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən, xüsusilə Ümumdünya Gömrük Təşkilatı çərçivəsində əlaqələrdən məmnunluğunu ifadə edib, bu əlaqələrin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə Azərbaycanda yaradılan münbit investisiya mühiti ilə əlaqədar yaponiyalı iş adamlarının da ölkəmizə investisiya yatıracağına, konkret olaraq irihəcmli istehsal sahələrinin yaradılmasına töhfə verəcəklərinə əminlik ifadə olunub, eyni zamanda respublikamızda yapon şirkətlərinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.
Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori əlaqələrimizin daha da genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Qeyd edək ki, görüşdə, həmçinin bu il Ümumdünya Gömrük Təşkilatında keçiriləcək seçkilərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.