Dinləməyi bilməyənlə necə danışmalı?- Harvard Business Review

İş həyatında dinləməyi bacarmayan şəxslərlə – məsələn, bəzi kollegiyalarla, tabeçiliyinizdə olan işçilərlə, hətta rəhbər şəxslərlə çalışmaq çox çətin və streslidir.  Bu kategoriyaya Sizi boş söhbətlərlə  narahat edən,  həddən artıq çox danışan və ya Sizi dinləyir kimi görünən amma yalnız öz sırasının nə vaxt çatacağını səbirsizliklə gözləyən şəxslər də aiddir. Çünki nəticə eynidir. Əgər qarşı tərəf səni dinləmirsə,  bu səhv anlaşılmalara və işlərin qeyri dəqiq koordinasiyasına səbəb olacaqdır.

Bəs necə etmək lazımdır ki, qarşı tərəf Sizi dinləməyi öyrənsin və dediklərinizi yadda saxlasın? Dinləmə qabiliyyətlərinin zəif olduğu barədə onlarla danışmaq lazımdır? Bu mesajı onlara çatdırmağın ən yaxşı yolu nədir?

İş üslubunu nəzərdən keçirin

Ola bilsin əlaqə saxlanılan şəxs visual insandır. Yəni gördüyünü etmək ona daha rahatdır, nəinki eşitdiyini. Bu səbəbdən qarşı tərəflə əlaqə saxlamazdan əvvəl ona bu sualı verin: “Biz söhbətimizi necə davam etdirək, şifahi yoxsa yazılı olması daha uyğundur?”.  Bu baxımdan qarşı tərəfin kommunikasiya seçiminə özünü uyğunlaşdırmağın, əlaqənin keyfiyyətini və səmərəliliyini artıracaq.

Öz davranışlarınıza diqqət yetirin

İş yoldaşlarını “zəif dinləyici” adlandırmadan əvvəl “güzgüyə baxın” və “Sən özün yaxşı dinləyicisən?” sualını verin.  Ola bilsin,  siz söhbəti uzadan şəxslərdənsiniz və ya danışıq zamanı qarşı tərəfi həddən artıq rəqəmlərlə yükləyirsiniz və yaxud da qarşı tərəf üçün məsələləri daha asan bir dildə izah etməlisiniz.

Söhbətə empatiya qatın

Ekspertlər qarşı tərəfin diqqətini çəkməkdən ötəri empatiya tətbiq etməyi məsləhət görürlər. Bunun üçün ilk növbədə qarşı tərəfin danışmasına icazə verin.  Danışıq əsnasında onun nitqindən bəzi vacib hissələri özünüz üçün şifahi olaraq qeyd  edin – bir neçə söz kifayətdir. Sonra isə onun nəzər nöqtəsini təsdiqləyən bir şərh verin və ardınca öz informasiyanızı bu nəzər nöqtəsi ilə əlaqələndirin.  Bu qarşı tərəf üçün daha yadda qalıcı olacaqdır. Ekspertlərin fikrincə ilk növbədə auditoriyanı nəzərdən keçirmək və nitqinizdə onları maraqlandıracaq nüansları qabartmaq effektiv nəticələr verir.

Sözünüzün vacibliyinə diqqət çəkin.

Deyəcəyiniz sözün vacibliyini şişirtmək Sizə qarşı tərəfin diqqətini cəlb etməyə kömək edə bilər. Məsələ haqqında danışmazdan əvvəl qarşı tərəfin əlindəki işi və beynindəki fikirləri kənara qoyaraq Sizə qulaq asması üçün bu sözlərdən istifadə edə bilərsiniz: “Mənim sənə vacib bir sözüm var və bu məsələ ilə bağlı sənin köməyinə ehtiyac duyuram”.  Bundan əlavə ekspertlər məsələni,  başqa formadan yenidən təkrar etməyinizi də məsləhət görürlər: “bir daha təkrar edirəm ki,  dəqiq anlaşılsın”.  Həm də söhbətin sonunda qarşı tərəfin fikrin soruşun: “Bu haqda sən nə fikirləşirsən?” Bu məsələnin onun yadında daha yaxşı qalmasına təsir edəcək.

Hesabatlılıq formalaşdırın

Dediyiniz sözün, işin və məsələnin icrası və həlli ilə bağlı vaxt təyin edir.  Bu qarşı tərəfdə məsuliyyət yaradacaqdır. Adətən qeyri-müəyyən vaxtda təhvil veriləsi iş, konkret vaxt təyin edilmiş işdən daha arxa plandadır və daha az diqqət yetiriləndir. Belə olan zaman qarşı tərəfə bu formada müraciət etmək daha məqsədə uyğundur: “Bu məsələ hazırki layihə üçün olduqca vacibdir. Səncə bunu nə qədər vaxta həll etmək olar?”.

Problem haqqında birbaşa olaraq danışın

Əgər hər hansı bir əməkdaş və iş yoldaşınız qarşı tərəfə qulaq asmırsa, bu haqda onunla birbaşa olaraq danışın.  Amma çatışmazlığın sərt bir şəkildə üzə vurulması müsbət nəticələrdən daha çox mənfiliklər doğura bilər. Başqa sözlə, “qaş düzəldən yerdə göz çıxarda” bilərsiniz. Bu məsələni empatiya qurmaqla, qarşı tərəfi başa düşməyə çalışmaqla həll etməyə səy göstərin. Əks halda qarşı tərəf sizə haqq vermək əvəzinə müdafiə mövqeyinə çəkilə bilər.

“Sosial kontrakt” təklif edin

Problem davam etdiyi halda başqa bir çıxış yolu işçilərin bir-biri ilə necə əlaqə saxlamalı olduğunu özündə əks etdirən “sosial kontrakt”ın bağlanmasıdır. Bu müqaviləni Siz ayrı-ayrı işçilərlə deyil,  bütün bir qrupla bağlayırsınız. Bu müqavilənin şərtilərininn mütəmadi olaraq, yenilənməsi və bu zaman qrup üzvlərinin fikirlərinin öyrənilməsi qrup və şirkət daxili kommunikasiyanı inkişaf etdirməkdə Sizə köməklik göstərəcəkdir. Lakin burada diqqət ediləsi bir məsələ var: Bu çıxış yolu o zaman effektiv olur ki,  şirkət daxili bütün idarəetmə səviyyəsində yerləşən menecerlər burada iştirakda maraqlı olsunlar. Əgər Sizin şirkətinizdə vəziyyət belə deyildirsə,  bu məsələnin ikili münasibətlər səviyyəsində həll etməyə çalışın.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır