2017-ci il 22 iyun tarixində Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2017-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunub.Qanun layihəsini təqdim edən maliyyə naziri Samir Şərifov bildirib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin davam etdirilməsi, bank-maliyyə sistemində dayanıqlılığın təmin olunması, ölkənin xarici və daxili borc öhdəliklərinin tənzimlənməsi və digər zəruri dövlət vəzifələrinin icrası ilə əlaqədar olaraq 2017-ci il dövlət və icmal büdcələrinin xərclərinə yenidən baxılması zərurəti yaranıb.
Dəyişiklik nəticəsində dövlət büdcəsinin gəlirləri 511,0 mln. manat artırılaraq 16766,0 mln. manata, xərclər isə 1041,0 mln. manat artırılaraq 17941,0 mln. manata çatdırılacaq. Dəyişiklikdən sonra 2017-ci il icmal büdcənin gəlirləri 22840,9 mln. manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 2820,2 mln. manat və ya 14,1 % çoxdur. İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəriciyə nisbətən 3,7 faiz və ya 1051,0 mln. manat artırılaraq 29818,2 mln. manata çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bəyənilən qanun layihəsinin Milli Məclisin iyunun 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir.