Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin tətbiqi ilə bağlı məlumatlandırma və təbliğat işlərinin aparılmasına dair 2018-ci il üçün Tədbirlər Planına əsasən “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda seminar keçirib.
BBN.az-ın məlumatına əsasən, Bakının Xətai və Suraxanı rayonları üzrə işəgötürənlərin iştirakı ilə keçən seminarda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər arasında əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı məlumatlandırma işlərinin cari ildə davam etdiriləcəyi vurğulanıb.
Tədbirdə işçilər üçün nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüququ barədə məlumat verilməklə, hər bir işçinin vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malik olduğu bildirilib.
Qeyd edək ki, məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması, məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları, məzuniyyətin növləri, əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətlərinin, habelə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydaları, uşaqlı qadınların əlavə məzuniyyətləri barədə iştirakçılara ətraflı məlumatlar verilib.