Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edib.
BBN.az xəbər verir ki, səfərin məqsədi 28-29 yanvar 2019-cu il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində “Rəqəmsal erada əlaqəlilik, qabaqcıl idarəetmə, yeni texnologiyalar və enerji sahəsində əməkdaşlıq vasitəsilə ATƏT məkanında iqtisadi tərəqqinin və təhlükəsizliyin təşviqi” mövzusunda keçirilən ATƏT-in 27-ci İqtisadi və Ətraf mühit Forumunun birinci hazırlıq görüşündə iştirak etmək olub.
Tədbirdə açılış nitqlərini hazırda təşkilata sədrlik edən Slovakiya Respublikasının ATƏT yanında Daimi nümayəndəsi, ATƏT-in Daimi Şurasının sədri Səfir Bohaş və ATƏT-in Baş katibi Qreminqer ediblər.
Görüşün sessiyaları iqtisadiyyatların və cəmiyyətlərin inkişafında qabaqcıl idarəetmə, iqtisadi sahədə rəqəmsal texnologiyaların tətbiqi, rəqəmsal iqtisadiyyat vasitəsilə dayanıqlı iqtisadi artımın əldə olunması, korrupsiya ilə mübarizədə rəqəmsal texnologiyalaların istifadəsi kimi mövzulara həsr olunub.
Dövlət Agentliyinin Aparat rəhbərli Azad Cəfərli “Rəqəmsallaşma vasitəsi ilə korrupsiya ilə mübarizə” mövzusuna həsr olunmuş sessiyada çıxış edərək ölkəmizdə dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən dövlət idarəetməsi sahəsindəki islahatlar, bu islahatların tərkib hisssəsi olaraq “ASAN xidmət”in fəaliyyətə başlaması, habelə e-hökumət, elektronlaşma, İKT-nin və innovativ həllərin dövlət xidmətlərinin göstərilməsi prosesində tətbiqindən bəhs edib. Həmçinin Dövlət Agentliyinin nümayəndəsi “ASAN xidmət”in uğurlu fəaliyyəti nəticəsində BMT-nin dövlət xidmətləri mükafatına layiq görülməsi, Azərbaycan brendinin ATƏT ölkələri olan Əfqanıstanda, Monteneqroda tətbiqini qeyd edib, Özbəkistanla əməkdaşlığa başlanıldığını diqqətə çatdırıb.