Dövlət Gömrük Komitəsinin sədri ÜGT baş katibinin müavini ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri ÜGT baş katibinin müavini ilə görüşüb.

Mayın 2-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Bakıda keçirilən Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının Assambleyası və Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Ümumdünya Gömrük Təşkilatı baş katibinin müavini Rikardo Trevino ilə görüşüb.

BBN.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Səfər Mehdiyev Azərbaycan Gömrük Xidməti ilə ÜGT arasında sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu, əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə və birgə fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib.

Təmsil etdiyi qurumla Azərbaycan Gömrük Xidməti arasındakı əlaqələrdən bəhs edən ÜGT baş katibinin müavini ölkənin gömrük orqanlarının fəaliyyətini yüksək qiymətləndirdiklərini, bu fəaliyyətin bir sıra ölkələrə nümunə olduğunu diqqətə çatdırıb. ÜGT rəsmisi onu da bildirib ki, Azərbaycan Gömrük Xidməti hər zaman təmsil etdiyi qurumun ən fəal üzvlərindən biri olub, istər potensialın gücləndirilməsi, istərsə də gömrük prosedurlarının asanlaşdırılması ilə bağlı layihələrdə səmərəli fəaliyyəti ilə fərqlənib.

Sonra görüşdə ÜGT-nin bu ilin iyununda keçiriləcək Şura sessiyalarında qaldırılacaq məsələlər – strateji plan layihəsinin hazırlanması və Kioto Konvensiyasına yenidən baxılmasıyla bağlı işçi qruplarının yaradılmasına dair müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır