Dövlət istiqrazlarının təkrar bazarı 7 dəfə artıb

Keçən il ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən daxildən borclanma siyasətinin həyata keçirilməsi, eləcə də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən manata olan təzyiqin azaldılması məqsədilə not buraxılışlarına başlanması dövlət qiymətli kağızları bazarında əməliyyatların həcminin artım dinamikasını müəyyən edib.

2016-cı ildə dövlət istiqrazları bazarında əqdlərin həcmi 2015-ci il ilə müqayisədə 27,2 dəfə artaraq 567 milyon manat təşkil edib. Dövlət istiqrazlarının təkrar bazarı 7 dəfə artaraq 146 milyon manata çatıb. Ölkədə gedən iqtisadi proseslər fonunda ilk dəfə olaraq dövlət istiqrazları üzrə gəlirliliyin bazarda tələb və təklif əsasında formalaşması məqsədilə təqdim edilən sifarişlər üzrə qiymət həddi təyin edilməyib. Nəticədə dövlət qiymətli kağızları üzrə orta gəlirlilik göstəricilərində əvvəlki illərdən fərqli olaraq artım müşahidə olunub. 2016-cı ildə manatla yerləşdirilən qısamüddətli dövlət istiqrazları üzrə orta çəkili gəlirlilik 13,07%-ə yüksəlib. Xarici valyuta ilə ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi yalnız bir dəfə baş tutub ki, onun da gəlirliyi 3% təşkil edib.

2016-cı il ərzində monetar siyasətin həyata keçirilməsi məqsədilə iki illik fasilədən sonra fond birjasında Mərkəzi Bankın notları yerləşdirilib. Hərrac üsulu ilə yerləşdirilmiş notların ümumi məbləği 268,7 milyon manat olub. Keçən il ərzində Mərkəzi Bankın notları üzrə orta çəkili gəlirlilik 14,86% təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır