Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2018-ci ildə aparılmış nəzarət tədbirlərinin nəticələri haqqında məlumat açıqlanıb

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən ötən ildə aparılan nəzarət tədbirləri nəticəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyinə görə 7.027,1 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, təqsirkar şəxslər hesabına həmin vəsaitin 2.195,3 min manatının bərpası təmin olunub, digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

2018-ci il üçün tərtib olunmuş iş planına uyğun olaraq, dövlət büdcəsindən maliyyələşən 10 rayon (şəhər) icra hakimiyyətlərinə, 7 şəhər ərazi  nümayəndəliyinə, 5 təhsil, 7 səhiyyə və 1 geodeziya və kartoqrafiya müəssisəsinə, 2 elmi tədqiqat institutuna, 1 protez-ortopedik bərpa və 1 uşaq bərpa mərkəzlərinə, 1 ali təhsil müəssisəsi, 2 səfirliyə, 1 nəqliyyat agentliyinə, 1 mədəniyyət müəssisəsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinə və onun 3 rayon məşğulluq mərkəzinə, eyni zamanda, bir sıra şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirilib. 

Nəzarət tədbirləri çərçivəsində büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati protokollar tərtib edilib, həmin Məcəlləsinin 410.1-ci və 410.2-ci maddələrinə uyğun olaraq 676 vəzifəli şəxsə ümumilikdə 554,6 min manat məbləğində inzibati cərimələr tətbiq edilib və cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır