2017-ci ilin 23 may tarixində Tarif Şurasının növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi məsələsinə baxılıb. Daha sonra müvafiq qərar qəbul edilib.
Belə ki, Dövlət İmtahan Mərkəzinin müraciəti və təklifləri nəzərə alınmaqla dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tarifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na əsasən təsnifatlaşdırılmış 7 qrup üzrə 10-110 manat arasında müəyyənləşdirilib.
Qeyd edək ki, iclasda həmçinin, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq yeni qeydiyyatdan keçən 200-ə yaxın dərman vasitəsinin qiyməti təsdiq edilib.