“Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemlərinin qurulmasının əsasları” mövzusunda seminar keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemlərinin qurulmasının əsasları” mövzusunda seminar başlayıb.

BBN.az xəbər verir ki ,seminarın açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının ölkədə əhalinin səmərəli məşğulluğunun təmin olunması ilə bərabər, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi istiqamətində də fəal siyasətin həyata keçirilməsinə şərait yaratdığını vurğulayıb. BƏT-lə birgə ölkədə “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icra olunduğunu qeyd edən nazir müavini layiqli əməyin vacib şərtlərindən birinin də əmək haqqı ilə bağlı olduğunu deyib. O, respublikada iqtisadi inkişaf şəraitində əhalinin gəlirlərinin mühüm tərkib hissəsi kimi minimum və orta aylıq əmək haqqı səviyyələrində mütəmadi artım tempinin mövcud olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki,iki gün davam edəcək tədbirin gündəliyinə  “Dövlət qulluqçularının əməyinin ödənilməsi sisteminin qurulması sahəsində Azərbaycan Respublikasının təcrübəsi”, “Dövlət qulluqçularının əməyinin ödənilməsinin xüsusiyyətləri”, “Dövlət qulluqçularının əmək münasibətlərinin məzmunu, səlahiyyət və funksiyalarının həyata keçirilməsi, onların məvacibinin formalaşdırılmasının əsas prinsipləri”, “Azərbaycanda büdcədən maliyyələşdirilən təşkilatlarda əməyin ödənilməsinin bəzi məsələləri” və s. mövzularda təqdimatların edilməsi və müzakirələrin aparılması daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır