Dövlət satınalmaları sahəsində islahatlar təqdim olunub

İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə birgə dövlət satınalmaları sahəsində aparılan iqtisadi islahatlar mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təqdim olunub.

Təqdimat zamanı İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, ”Dövlət satınalmalarının effektiv planlaşdırılması və icrası, həmçinin rəqabətli satınalma metodlarında istifadə imkanlarının yaradılması məqsədilə Prezident İlham Əliyevin Fərmanına əsasən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib: Bu dəyişikliyə əsasən dövlət satınalmalarının vahid internet portalının yaradılması ilə ölkədə elektron satınalma modelinə keçid təmin ediləcəkdir. Nəticə etibarı ilə isə, dövlət satınalmalarının planlaşdırılması, tender təklifinin qəbul olunması, eyni zamanda iddiaçıların hüquqların qorunması üzrə təkmilləşdirilmiş nəzarət mexanizmi formalaşdırılacaq. ”

Artıq vahid internet portalı vasitəsi ilə hökumətin satınalma planları, tenderdə iştirak imkanları, müqavilələrin bağlanması ilə bağlı bütün məlumatlar cəmiyyətin bütün üzvləri üçün əlçatan olacaq. Eyni zamanda, satınalma üzrə bütün proseduralar və məlumat mübadiləsi onlayn olaraq həyata keçirilməklə, vahid internet portalı tender üzrə iştirak haqqı və tender təklifinin təqdim edilməsi imkanı yaradacaq.

İİTKM-in Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə birgə hazırladığı infoqrafik təqdimatla Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının diqqətinə çatdırılıb ki, dövlət satınalmaları üzrə həyata keçirilən islahat tədbirləri nəticəsində satınalan təşkilatın tender təklifinin təminatını tender təklifinin ümumi qiymətinin 1 faizinədək məbləğdə müəyyənləşdirməsi imkanının yaradılması, malgöndərənlərin şikayətlərinə baxılması müddətinin 20 bank günündən 10 bank gününə, qəbul olunmuş qərarın isə elektron qaydada təqdim edilməsi ilə 3 bank günündən 1 bank gününədək azaldıldılıb.

Dövlət satınalmaları üzrə həyata keçirilən islahat tədbirləri Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən kompleks biznes islahatı tədbirlərinin tərkib hissəsi olmaqla, dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə dövlət vəsaitlərindən səmərəli və effektiv istifadə imkanının, həmçinin ölkənin beynəlxalq reytinq qiymətləndirmələrində mövqeyinin irəliləməsinə  şərait yaradılacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır