Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci ilin birinci yarımilinə dair fəaliyyətinin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2017-ci ildə ölkədə davam edən sosial-iqtisadi inkişaf proseslərinin Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin icrası sahəsində göstəricilərdə də öz əksini tapdığını, xüsusən uğurlu iqtisadi şaxələndirmənin sosial sığorta daxilolmalarına əhəmiyyətli təsirini diqqətə çatdırıb: “Bu ilin 6 ayında Fondun gəlirlərinin ötən ilin müvafiq dövrünə nisbətən 259,4 mln. manat və ya 16,6 % artaraq 1822,5 mln. manata yüksəlməsi, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 16,7 % və ya 105,3 mln. manat artaraq 1005,7 mln. manat təşkil etməsi və proqnoza 101,7 % əməl olunması bunun əyani təsdiqidir. Müsbət haldır ki, qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarında artım tendensiyası davam edir və sosial sığorta haqlarının 62,9 %-i və ya 632 mln. manatı qeyri-büdcə sektorundan daxil olub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,8 % və ya 56,2 mln. manat çox olmaqla, rüblük proqnozun 105 % icra edildiyini göstərir”.