Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib

Mayın 31-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib.

BBN.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Avropa İttifaqının “Statistical Classification of Products by Activity, Version 2.1” əsasında milli “Məhsul Növləri Təsnifatı”nın (AZT030-2009) yenilənmiş versiyasının layihəsi və BMT-nin Avropa İqtisadi Komissiyasının Avropa Statistikləri Konfransının 2016-cı il 29 aprel tarixli plenar iclasında qəbul edilmiş “Rəsmi statistika haqqında” model Qanun əsasında “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklərlə bağlı təkliflər müzakirə edilib.

Qeyd olunub ki, istehsal və istehlak olunan məhsulların, göstərilən xidmətlərin təsnifləşdirilməsi məqsədilə hazırlanmış Məhsul Növləri Təsnifatının IV variantı Avrostat tərəfindən hazırlanmış müvafiq təsnifatın strukturu saxlanılmaqla, istehsal və xidmət xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb. Rəsmi statistika sahəsində milli qanunvericiliyin beynəlxalq norma və prinsiplərə uyğunluğunun təmin edilməsi məqsədilə BMT-nin Avropa İqtisadi Komissiyasının Avropa Statistikləri Konfransının plenar iclasında qəbul edilmiş “Rəsmi statistika haqqında” model qanun əsasında isə “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsi  hazırlanıb.

Qeyd edək ki, müzakirələrlə davam edən iclasda mövzü ilə bağlı təkliflər səsləndiririlib, müvafiq qərarlar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır