2018-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 4562,9 mln. manat, xərcləri 4408,0 mln. manat olub, 154,9 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
Gəlirlər
2018-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 4428,5 mln. manat proqnoza qarşı 4562,9 mln. manat və yaxud 134,4 mln. manat (3 %) çox olub.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1436,5 mln. manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 15,8 mln. manat və ya 1,1 % çoxdur. Həmin vəsaitin 67,5 %-i və yaxud 969,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
2018-ci ilin birinci rübündə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 726,9 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,3 % və yaxud 155,8 mln. manat çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 79,3 mln. manat təşkil edib.
Sair daxilolmalar üzrə büdcəyə 21,2 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 71 % və yaxud 8,8 mln. manat çoxdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 2299 mln. manat vəsait transfert edilib.
Xərclər
2018-ci ilin birnici rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 108,8 % və yaxud 4408 mln. manat icra olunub.
İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 40 %-i və ya 1761,3 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 % və ya 125,6 mln. manat çoxdur.
2018-ci ilin birinci rübündə dövlət büdcəsi xərclərinin 2299,1 mln. manatı və ya 52,2 %-i cari xərclərə, 1627,2 mln. manatı və ya 36,9 %-i əsaslı xərclərə, 481,7 mln. manatı və ya 10,9 %-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Cari ilin birinci rübündə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 168,9 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 655,6 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 21,2 mln. manat vəsait yönəldilib.
2018-ci ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.
İcmal büdcə
Cari ilin birinci rübündə icmal büdcənin gəlirləri 7062,5 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1412,9 mln. manat və ya 25 % çoxdur. İcmal büdcənin xərcləri isə 4757,9 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1994,8 mln. manat və ya 29,5 % azdır.
İcmal büdcədə 2304,6 mln. manat artıqlıq (profisit) yaranıb.