Energetika naziri Pərviz Şahbazov Dünya Enerji Şurasının regional inkişaf üzrə sədr müavini Oleq Budarqin ilə görüşüb. Görüşdə Dünya Enerji Şurası ilə əməkdaşlıq əlaqələrinin inkişafı, texnologiyaların tətbiqi ilə enerji sektorunda qlobal miqyasda baş verən dəyişikliklər və yeni çağırışların müzakirəsi üçün 3 ildən bir keçirilən Dünya Enerji Konqresi ilə bağlı fikir mübadiləsi aparılıb.
1923-cü ildən fəaliyyət göstərən, 100-ə yaxın ölkəni və 3 mindən çox təşkilatı əhatə edən Dünya Enerji Şurasının enerji təhlükəsizliyi, enerji bərabərliyi və ekoloji təhlükəsizlik arasında balansın yaradılmasındakı rolundan bəhs edilib. Bildirilib ki, yanacaq-energetika sekorunun bütün istiqamətlərini özündə birləşdirən qlobal təşkilat kimi Dünya Enerji Şurası enerji ölkəsi kimi Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Söhbət zamanı energetika naziri Pərviz Şahbazova cari ilin 9-12 sentyabr tarixində Birləşmiş Ərəb Əmirliyində keçiriləcək 24-cü Abu-Dabi Dünya Enerji Konqresinə dəvət məktubu təqdim edilib.
Qeyd edək ki, “Rifah üçün enerji” devizi altında keçiriləcək tədbir çərçivəsində həmçinin 8-ci Asiya Nazirlər Toplantısı da nəzərdə tutulub.