Dünya təcrübəsində bankların birləşmə meyilləri və dinamikası – MƏQALƏ

Birləşmələr və satınalmalar termini iqtisadiyyatda ən aktual və perspektivli biznes addımlarından hesab olunur. XX əsrdən başlayaraq Mühasibatlıq, Audit, Maliyyə hesabatlığı və nəzarəti sistemlərinin inkişafı və təmərküzləşməsi nəticəsində Birləşmələr və Satınalmalar termini XXI əsrin əvvəllərində daha pik inkişaf səviyyəsinə çatmışdır.

Dünya iqtisadiyyatında xüsusən inkişaf etmiş bazarlarda fəaliyyət göstərən iri şirkətlər və transmilli korporasiyalar birləşmələr və satınalmalar nəticəsində böyüyərək dünya bazar payının mühüm hissəsini əldə etmişdirlər və bunun nəticəsində dünyəvi brendləri yarada bilmişdirlər. Təkcə ABŞ-ın İBM şirkəti yarandığı XIX əsrin sonlarından XX əsrin sonunadək 32 şirkəti və 2000-ci ildən bugünədək isə 137 şirkəti alaraq özünə birləşdirmişdir. Elektronika sahəsində nəhəng hesab olunan Apple şirkəti də 90-cı illərdən bugünədək 87 şirkətin mühüm iştirak payını alaraq özünə birləşdirmişdir. Bank sektorunda isə ən iri birləşmələri həyata keçirmiş Bank of America, Citigroup, JP Morgan Chase, WellsFargo, Lloyds, Royal Bank of Scotland, Barclays, HSBC və sair bankları misal göstərmək olar.

Birləşmələr və satınalmalar tək mühüm bazar payının ələ keçirilməsi məqsədi daşımır, belə ki, müəyyən maliyyə idarəetməsi strategiyaları hesabına əlavə dəyər yaratmaq və sinerjini elan etmək məqsədi daşıyır. Sinerji yarandıqdan sonra müəssisənin yeni müştəri bazası və mənfəətliyi sahəsində səhmlərin dəyəri artmaqla bazar payının genişlənməsi proqnozlaşdırılır.

Maliyyə sektorunda birləşmələr çox spesifik xarakter daşıyır və dünya üzrə birləşmələr statistikasının 3%-dən çoxunu təşkil etmir, baxmayaraq ki, dünya iqtisadiyyatının 10% kapitalizasiyasını banklar təşkil edir. Bu ondan irəli gəlir ki, bank birləşmələri zamanı məqsəd təkcə prosesin bitmə anı və gələcək inteqrasiyanın tam bərpası üçün sinerji yaratmaq deyil. Bank tarixi onu göstərir ki, banklar böyük risk götürmə qabiliyyətli, öhdəlik-kapital nisbətinin azlığı (leveraj), yüksək gəlirliliyə malik olması və aktivlərinin uzunmüddətli dövr üçün qiymətləndirilməsi mürəkkəb olduğundan sabit iqtisadi vəziyyətlərdə çox az hallarda birləşmələrə və satınalmalara gedirlər.

Lakin təcrübə onu göstərir ki, bank sistemində birləşmələr satınalmalara nisbətən böyük həcmdə böhran və iqtisadi geriləmə dövrlərinə təsadüf edir. Bütün hallarda birləşmə və konsolidasiya layihələrinin daimi və pik dövrləri neft qiymətlərinin sabitliyi dövrlərində baş vermişdir. Eyni zamanda banklar maliyyə sistemi üçün domino effekti dalğaları yaradır və satınalmanı aparan ana şirkətlər bu dalğalardan təsirlənməmək üçün kapitalı və gələcəyə proyeksiyası azalmaqda olan bir bankı və ya bankları onların səhmdar payının bir qismini saxlamaq şərtilə satınalır. Yaranmış birləşmə həm sektora dəstək verir, həm kreditorların marağını qoruyur və həmçinin sinerji yaradarsa bank sektorunun inkişafına təkan vermiş olur.

Aşağıdakı cədvəldə dünya üzrə bank sektorundakı birləşmələrin sayı və yaratdığı dəyərlərin xronoloji statistikası əks etdirilmişdir.

Cədvəldən göründüyü kimi ən böyük məbləğli birləşmələr dünyada baş vermiş ciddi böhran dövrlərinə, birləşmələrin say artımı isə post-kriz dövrlərinə, yəni, böhrandan sonrakı çiçəklənmə dövrlərinə təsadüf edir. Qrafikdən göründüyü kimi 1997-2000 və 2007-2008 dövr aralıqlarında bank sektorunda baş vermiş böyük sayda və məbləğdə birləşmələr dünyanın mühüm iqtisadi mərkəzlərində, ABŞ-da Dotcom, Arthur Andersen, Enron, Lehman Brothers kimi, Rusiyada, Şərqi və Cənubi-şərqi Asiyada zəncirvari valyuta devalvasiyaları kimi, Avropada xüsusən Yunanıstandakı ifrat borclanma böhranı, qonşu Türkiyədə valyuta və ardından maliyyə sistemində korrupsiya böhranı kimi hadisələr mühitində baş vermişdir. Burdan belə nəticəyə gəlmək olur ki, bank sistemindəki birləşmələr onu gücləndirərək gələcəyə doğru perspektivli və dayanıqlı olmaq stimulunu yaradır.

Azərbaycan bank sistemində birləşmə meyilləri üçün mövcud mühitin analizi haqqında ətraflı məlumatı Səməd Əliyevlə olan videomüsahibəmizdən əldə edə bilərsiniz:

“Hazırkı vəziyyət bankların birləşməsi üçün münbit şərait yaradır”-Videomüsahibə

Məqaləni izləmək istəyirsinizsə, səhifəmizi bəyənə bilərsiniz.

Əliyev Səməd Ramiz oğlu

Hal-hazırda “Rabitəbank” ASC – Daxili Audit Departamentinin Direktor müavini vəzifəsində çalışır, Strateji Planlaşma qrupunun üzvüdür.

 

Təhsil: Azərbaycan Dövlət İqtisad Universiteti, Bakalavr dərəcəsi, 2004-2008; University of Liverpool, Magistr dərəcəsi, 2013-2016

 

Bank sektorunda təcrübə: Kreditləşmə-investisiyalar, Xəzinədarlıq, Mühasibatlıq, Əməliyyat, Risklərin İdarəedilməsi, Daxili Audit və Nəzarət, Strateji Planlaşdırma sahələrində 10 ildən çox təcrübəyə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır