Dünyanın ən köhnə bankı iflasın astanasında!

İtaliyanın baş naziri Matteo Renzinin istədiyi konstitusiyaya dəyişikliklərlə bağlı referendumun mənfi nəticələnməsi ölkədəki iqtisadi vəziyyəti gərginləşdirib.

Referendumun nəticəsi dünyanın ən köhnə banklarından olan “Monte dei Paschi di Siena”ya da öz təsirini göstərib. Bankın gözlədiyi 5 milyard avroluq yardımın da gecikəcəyi və ya alınmayacağı ehtimal olunur.

Ağır borc yükü altında olan bankın qarşısına bu ayın sonuna qədər 5 milyard avronu tapmaq və ya iflasa getmək şərti qoyulub. Morgan Stanley analitikləri “Referendumun mənfi nəticələnməsi Monte dei Paschi-nin investor tapmasını daha da çətinləşdirəcək” deyə şərh versələr də, İtaliya bankirləri və avropalı rəsmilərin fikrincə hökumət ictimai qaynaqlardan istifadə edərək banka dəstək olacaq.

Qeyd edək ki, İtaliya bank sektorunun 360 milyard avroluq ödənməmiş borc yükü var.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır