The Economist: “Avropa banklarında zəlzələ”

“Yeni qaydalar Avropa banklarının mövqeyi pisləşdirə biləcək potensialdadır”

Hər il təkcə Birləşmiş Krallıqda milyonlarla insan öz bankları ilə əlaqədar rəsmi olaraq şikayət edir. İsveç ödəniş startup-ı olan “Klarna”nın təsisçisi Sebastian Siemiatkovski Avropa bank sistemində tətbiq ediləcək yeni qaydaların bu şikayətləri kifayət qədər azaldacağını bildirib.  Onun sözlərinə görə, bu qaydaların qüvvəyə minməsi  bankların həyata keçirdiyi əməliyyatları təhlil və müqayisə etməyə yönəlik innovativ xidmətlərin yaradılmasına imkan verəcəkdir. Bu xidmətlər əvvəldən müəyyənləşdirilmiş məbləğdən çox ödənildiyi zaman hesab sahibini xəbərdar edəcək, daha sərfəli imkanlar olduğu zaman isə bunlar haqqında ona xəbər verəcək və hesabın daha sərfəli banka köçürülməsi əməliyyatına balşaya biləcəkdir.

Qeyd edək ki, maliyyə texnologiyaları (Fintech) şirkətləri artıq Almaniya və Hollandiyada geniş kütləyə bu yöndə xidmətlər göstərirlər. Lakin Avropanın digər hissələrində vəziyyət fərqlidir. Səbəb isə bankların təhlükəsizlik və digər məsələləri əsas göstərərək müştəri məlumatlarını Fintech şirkətlərə verməkdən imtina etməsidir ki,  bu məlumatlar olmadan təhlillərin həyata keçirilməsi mümkün deyildir. Lakin “İkinci Ödəniş Xidmətləri Direktivi” (The Payments Services Directive 2) bankları müştəri məlumatlarını bu şirkətlərə ötürməyə məcbur edəcəkdir.

Bu addımın bankları faizləri və komissiyaları minimum həddə çəkməyə məcbur edəcəyi gözlənilir. Müştərilər üçün nə qədər yaxşı olsa da, “Deloitte” şirkətinin sorğusunda iştirak edən bankların 68%-i yeni qaydaların onların mövqeyini pisləşdirəcəyini bildirib.  Həmçinin eyni nisbətdə olan banklar iddia edirlər ki,  bu müştəri və bank arasındakı qarşılıqlı əlaqənin zəifləməsinə səbəb olacaqdır.

Digər böyük narahatçılıq isə təhlükəsizliklə bağlıdır. “PwC”nin sorğusunda iştirak edən bankların yarıdan çoxu bu qaydaların təhlükəsizliyə və öhdəliklərə mənfi təsir edəcəyini müdafiə edir.

“Klarna”nın təsisçisi Sebastian Siemiatkovski bildirib ki,  bu qaydalar kağız üzərində çox gözəl görünür. Lakin tətbiq əsnasında banklar tərəfindən maneələr yaradıla bilər.  Məsələn, bank məlumatı paylaşılmasını o qədər gecikdirə bilər ki, bu məlumat istifadə üçün yararsız hala gəlsin. Məhz bu səbəbdən O, tənzimləyici orqanların qaydaların icrasına sərt yanaşmalı olduğunu bildirib.

The Economist

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır