“Əhalinin məşğulluq səviyyəsi artıb”

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Azərbaycanda iş yerləri ilə bağlı tədqiqat və strategiya üzrə missiyası ilə görüş olub. Görüşdə missiyanın üzvləri- baş iqtisadçılar Muhammed İhsan Ayvad, Maykl Ueber, proqram rəhbəri Lire Ersado və xanım Elvira Anadolu iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ötən dövrdə respublikamızda əldə olunan nailiyyətləri diqqətə çatdırıb: “Dövlət başçısının rəhbərliyi ilə aparılan məqsədyönlü islahatlar postneft dövrünə xas səmərəli iqtisadi idarəetmə sisteminin formalaşmasına, milli iqtisadiyyatın neftdən asılı olmadan inkişafına imkan verib. Cari ildə də bu inkişaf tempi davam edir, 2018-ci ilin ilk ayında, yəni yanvar ayında Azərbaycanda ümumi daxili məhsulun 2 %, o cümlədən qeyri-neft iqtisadiyyatının 4 %-dək artmasına nail olunub. Müsbət demoqrafik vəziyyətin mövcud olduğu, əhalinin sayının təkcə ötən il 88104 nəfər və ya 0,9 % artaraq 2018-ci il yanvar ayının 1-i vəziyyətinə 9898085 nəfərə çatdığı, eyni zamanda hər il əmək bazarına 100 mindən çox gənc işçi qüvvəsinin daxil olduğu ölkədə əmək resurslarının məşğulluğunun təminatı da reallaşdırılan islahatlar paketinin mühüm tərkib hissəsidir”.

Nazir bildirib ki, işçi qüvvəsinin yüksək təklifi şəratində iş yerlərinin yaradılması, məşğulluq imkanlarının artırılması daimi xarakter alıb. 2003-2017-ci illərdə məşğul əhalinin sayının 21,4 %, muzdlu işçilərin sayının 24 % artmasına, işsizlik səviyyəsinin azaldılmasına nail olunub.

Görüşdə iş yerləri ilə bağlı tədqiqat və strategiya üzrə analitik fəaliyyətin davam etdirilməsi, keyfiyyətli və inklüziv iş yerlərinin yaradılması, həmçinin iş yerləri ilə bağlı strategiyanın hazırlanması, bu sahələrdə əməkdaşlıq məsələləri, eləcə də əvvəlki görüşlərdə müzakirə olunan məsələlərin icra vəziyyəti müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır