EKTİS-in yaradılması üzrə işlər yekunlaşmaq üzrədir

“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanının 2.2-ci bəndinə uyğun olaraq aqrar sektorda şəffaflığın, hesabatlılığın və operativliyin təmin edilməsi məqsədilə üç il müddətində mərhələlərlə “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) yaradılması üzrə işlər yekunlaşmaq üzrədir. Nazirliyin strukturlarında və tabeliyindəki digər qurumlarda EKTİS-in tətbiqinə başlanılıb.

EKTİS-nın yaradılmasında əsas məqsədlərdən biri dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyaların, o cümlədən barama istehsalına, pambıq, tütün və şəkər çuğundurunun becərilməsinə görə subsidiyaların verilməsi, habelə mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satışı sahəsində şəffaflığın daha da artırılması, bütövlükdə subsidiyaların verilməsi mexanizminin təkmilləşdirilməsi, habelə məhsul istehsalçıları (fermerlər) və onların istifadə etdikləri resurslar haqqında vahid məlumat bazasının yaradılmasından ibarətdir.

“Elektron kənd təsərrüfatı” sistemi bütövlükdə tətbiq edildikdən sonra Azərbaycanda məhsul istehsalçılarının (fermerlərin) kənd təsərrüfatı resurslarının və kənd təsərrüfatı torpaqları üzrə bütün potensialın elektron formada idarə edilməsi mümkün olacaq. Bununla da mövcud torpaqlardan daha səmərəli və mütəşəkkil qaydada istifadə edilməsinin təmin olunmasına imkan yaranacaq.

Qeyd edək ki, hal-hazırda “EKTİS” layihəsi çərçivəsində informasiya sistemlərindən istifadənin effektivliyinin artırılması, Sistemin təkmilləşdirilməsi, SSİS üzrə elektron portalın, elektron xidmətlərin, həmçinin “asan ərizə modulu”nun yaradılması və “Elektron hökümət” portalına inteqrasiya edilməsi istiqamətində işlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır