Elektrik təchizatı şəbəkələrinə qoşulmanın yeni qaydaları ilə bağlı tədbir keçirilib

Energetika Nazirliyində sahibkarlıq subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulmasının yeni qaydaları ilə  bağlı bir sıra dövlət qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, məsləhətçi və hüquq şirkətlərinin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Tədbir  “Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində sahibkarlıq subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması üzrə aparılmış islahatlarla bağlı İcra və Kommunikasiya Planı”na uyğun olaraq təşkil edilib.

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi qrupun rəhbəri, nazir müavini Samir Vəliyev son illər ölkədə bir çox sahələr  kimi kommunal sektorda da həyata keçirilən islahatlardan danışıb. Biznes mühitinin yaxşılaşdırılması, sahibkarların elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi istqamətində dövlət başçısı İlham Əliyev tərəfindən verilmiş Fərmanın əhəmiyyətini qeyd edib. Bildirilib ki, 25 dekabr 2018-ci il tarixində “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” 2017-ci il tarixli 1313 nömrəli Fərmana edilmiş dəyişikliklər sahibkarların fəaliyyətlərində bu sadələşməni hiss etməsinə imkan yaradıb. Sahibkarların proseduralarla tanışlığı məqsədilə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində Texniki Şuralar yaradılıb, 1 saylı “ASAN Kommunal” mərkəzinə tanışlıq turları təşkil edilib.

“Azərişıq” ASC-nin nümayəndəsi Vüqar Həşimov “Elektrik enerjisinin əldə edilməsi göstəricisi üzrə “Doing Business-2020” reytinqinin yaxşılaşdırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən aparılmış islahatlar”a dair təqdimatla çıxış edib.  Bildirilib ki, “Doing Business-2019” hesabatında göstərilən nəticələrə əsasən, elektrik təchizatı şəbəkələrinə qoşulma prosedurlarının sayı 7-dən 2-ə, müddət isə 41 gündən 20 günə endirilib. İlk prosedurda, sahibkarlarla təmas yalnız enerji təchizatı şəbəkəsinə qoşulma ilə bağlı müraciətdən, razılaşdırma prosesindən ibarət olur. Sonrakı 10 gün ərzində isə elektrik quraşdırma işləri həyata keçirilir və texniki şərt, layihə, və digər sənədlər sahibkara təqdim olunur. Əgər obyektə 400 metr yaxın məsafədə şəbəkənin balansında olan transformator varsa, vahid tarifə uyğun olaraq ödəniş edildikdən sonra 20 gün müddətində şəbəkəyə qoşulma həyata keçirilir. 150 kVt-dan yuxarı va ya 400 metr məsafədə transformator olmayan obyektlər üçün də sahibkar KOB evləri, “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərinə yaxınlaşmalıdır. Bu prosesdə 10 gün müddətində sahibkara texniki şərt təqdim olunur. Texniki şərtin icrası sahibkarın seçiminə uyğun olaraq enerji təchizatı müəssisəsi yaxud da ixtisaslaşmış müəssisələr tərəfindən həyata keçirilir.

Təqdimatda “Azərişıq” ASC-nin elektron xəritəsinin imkanlarından istifadə etməklə əraziyə getmədən məkanın seçilməsi, ölçmələrin aparılması, enerji təchizatı müəssisəsinə məxsus güc mərkəzinin texniki parametrlərinin təhlil edilməsi, sənədləşmə işinin tamamlanması proseslərinin üstünlükləri barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır