Vətəndaş məmnunluğunu təmin edən yeniliklərdən biri elektron çıxarışın tətbiqi təkrar qeydiyyatın tam olaraq avtomatlaşdırılması imkanlarını genişləndirib.
Sistemin tətbiqi proseduru olduqca sadələşdirərək təkrar qeydiyyatın optimallığını və çevikliyini artırır. Belə ki, elektron çıxarışı olan vətəndaşların, bələdiyyələrin, torpaq mülkiyyətçilərinin alqı-satqı əməliyyatı zamanı heç bir kağız sənəd təqdim etməsinə ehtiyac qalmır. Alqı-satqı əməliyyatından sonra əmlaka dair çıxarış yeni sahibin Elektron Hökumət portalındakı şəxsi kabinetinə yerləşdirilir. Nəticədə çıxarış almaq üçün vətəndaşların əlavə olaraq qeydiyyat orqanlarına müraciət etmək zərurəti aradan qaldırılır.
Elektron çıxarışların tətbiqi ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirir, əhalinin əmlaklarının qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və şəffaflığı artırır. Bundan əlavə, kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər ortadan qalxır. Kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna edilir. Qeyd edilməlidir ki, qısa zamanda istifadəyə verilməsinə baxmayaraq sistemdən artıq 1000 nəfər yararlanıb.
Görülən işlərin nəticəsidir ki, ötən il ərzində daşınmaz əmlakların təkrar qeydiyyatının sayı 140 minə yaxın olub. Bu isə 2016-cı il ilə müqayisədə 12 % artım deməkdir. Statistikası onu deməyə əsas verir ki, vətəndaşların təkrar daşınmaz əmlak bazarında aktivliyi kifayət dərəcədə artıb.
Ümumilikdə qeyd edilməlidir ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artması, daha çox insanın rahatlıqla hüquq sahibi olması məqsədilə tətbiq edilən elektron xidmətlərin sayı çoxaldılır. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən istifadəyə verilən 37 elektron xidmətin 24-ü daşınmaz əmlakın qeydiyyatı sahəsinə aiddir. Təkcə ötən il ərzində bu sahədə 4 yeni elektron xidmət fəaliyyət göstərməyə başlayıb.